NATO Əfqanıstanda lazım olduğundan çox qalmayacaq və bu ölkədən ABŞ qoşunları ilə bir yerdə çıxacaq.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Konqresi Senatının və nümayəndələr palatasının birgə iclasında çıxışı zamanı səsləndirib.
“Biz orada həmişəlik qalmaq istəmirik, biz orada lazım olduğundan artıq qalmaq niyyətində deyilik. Biz oraya birlikdə girmişik və qalma müddətini birlikdə müəyyən edəcəyik. Bunun vaxtı yetişəndə, biz bir yerdə gedəcəyik”, - deyə Stoltenberq bildirib.
Xatırladaq ki, Əfqanıstanda hərbi əməliyyatlar 17 ildən çox – 2001-ci ilin dekabrından davam edir. Kampaniyanın qızğın vaxtı olan 2010-2013-cü illərdə bu ölkədə xarici qüvvələrin sayı 150 min nəfəri ötmüşdü. NATO və ABŞ-ın döyüş qüvvələri Əfqanıstandan 2014-cü ildə çıxarılıb. Hazırda bu ölkədə alyansın 14 min nəfərlik təlimatçılar və müşavirlər missiyası qalır.