Venesuela parlamenti müxalifət lideri Xuan Quaydonun toxunulmazlıq hüququnu ləğv edib. Bu qərar onun həbs olunması üçün hüquqi maneəni aradan qaldırıb.
YeniAvropa "CNN" telekanalına istinadla xəbər verir ki, parlamentin üzvləri Quaydonun toxunulmazlıq hüququnun ləğvi üçün Ali Məhkəmənin sədri Maykel Morenonun müraciətini yekdilliklə təsdiq edib. Venesuela Milli Assambleyasının rəhbəri olan müxalifət liderinə qarşı xaricə çıxış qadağasını pozaraq Kolumbiyaya səfər etməsi ilə bağlı ittiham irəli sürülüb. Quaydoya bu qadağa fevralın 23-də - ABŞ-ın göndərdiyi humanitar yardımın qəbul edilməsindən bir gün əvvəl qoyulmuşdu. O, Kolumbiya ilə yanaşı, Braziliya, Paraqvay, Argentina və Ekvadora da səfər etmiş, martın 4-də vətənə qayıtmışdı.
xatırladaq ki, Xuan Quaydo cari il yanvarın 23-də özünü Venesuelanın fəaliyyətdə olan prezidenti elan edib və AB, bir sıra Avropa və Latın Amerika ölkələri tərəfindən tanınıb. Rusiya, Çin, İran, Türkiyə, Boliviya və Meksika isə qanuni seçilmiş prezidenti Maduronu dəstəkləyir.