logo

Boksçularımız “Böyük İpək Yolu” turnirində 15 medal qazanıblar

23:31 01-04-2019 | icon 3409
Boksçularımız “Böyük İpək Yolu” turnirində 15 medal qazanıblar

Bakıda “Böyük İpək Yolu” beynəlxalq boks turnirinə yekun vurulub.

YeniAvropa xəbər verir  ki, komandamız turnirdə 4 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb. Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan Amin Kuşkov (75 kq), Alfonso Dominqes (81 kq) və Rahil Məmmədli (91 kq) gümüş medala yiyələniblər. Elvin Məmişzadə (52 kq), Qoşqar Səfərli (56 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 60 kq), Fərid Ağamoğlanov (64 kq), Cəbrayıl Yelekov (81 kq), İsmayıl Yaqubov (91 kq), Sadiq Səmədov (+91 kq) isə bürünc medalla kifayətləniblər.

Bu nəticə ilə komandamız ümumi hesabda birinci yeri tutub. İkinci pillədə Özbəkistan (3 qızıl, 2 gümüş, 3 bürünc medal), üçüncü yerdə isə Qazaxıstan (1 qızıl, 5 gümüş, 2 bürünc medal) yığmaları qərarlaşıb. Kamran Şahsuvarlı yarışın ən texnikalı boksçusu kimi təltif edilib.

Mükafatlandırma mərasimində Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyevə Özbəkistan Boks Federasiyasının xüsusi hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, ənənəvi turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları da mübarizə aparıblar.