logo

Vüqar Həşimovun xatirəsinə həsr edilən “Shamkir Chess 2019” superturnirinin açılış mərasimi olub

21:20 30-03-2019 | icon 3360
Vüqar Həşimovun xatirəsinə həsr edilən “Shamkir Chess 2019” superturnirinin açılış mərasimi olub

Martın 30-da Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən “Shamkir Chess 2019” superturnirinin  təntənəli açılış mərasimi olub.

YeniAvropa xəbər verir  ki, Şəmkirdəki Heydər Əliyev Mərkəzində altıncı dəfə təşkil olunan yarışın açılış mərasimində əvvəlcə V.Həşimova həsr olunan videoçarx nümayiş etdirilib.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, hər il bu tədbirin yüksək səviyyədə təşkili dünya şahmat ictimaiyyətinin marağına səbəb olur. O, superturnirin yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə SOCAR-a minnətdarlığını bildirib. İcra başçısı Şəmkirin dünya şahmatının Linaresinə çevrildiyini vurğulayıb.

Gənclər və idman naziri Azad Rəhimov məşhur şahmatçıların “Shamkir Chess”ə qatılmasını Azərbaycanda idmana, xüsusən şahmata verilən dəstəyin nümunəsi adlandırıb. SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov isə “Shamkir Chess”in 6-cı dəfə təşkilinin ölkədə şahmata göstərilən diqqətin nümunəsi olduğunu deyib.

Vüqar Həşimovun atası Qasım Həşimov artıq ənənəvi hal alan belə mötəbər yarışın keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

“Shamkir Chess”in Təşkilat Komitəsinin sədri, Azərbaycan və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov turnirə yenə də ən güclü şahmatçıların qatıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda şahmata münasibət tam fərqlidir: " Dövlət proqramının qəbulu uğurlarımıza təsirsiz ötüşmədi. Kişilərdən ibarət yığmamız 3 dəfə Avropa çempionu oldu ".

M.Məmmədov turnirdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti Arkadi Dvorkoviçin də iştirakının gözlənildiyini bildirib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov “Shamkir Chess”də hər il ən güclü şahmatçıların iştirakına nail olduqlarını diqqətə çatdırıb. Federasiya rəsmisi bu il də yarışın maraqlı keçəcəyini vurğulayıb. O, dünya çempionu Maqnus Karlsenin ən yüksək reytinq xalını məhz “Shamkir Chess”də topladığını açıqlayıb.

Daha sonra yarışın püşkü atılıb.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, SOCAR, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən XXII kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FIDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq. Turnirdə hazırkı dünya çempionu olan norveçli Maqnus Karlsen, Dinq Liren (Çin), Aniş Giri (Hollandiya), hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand, Rusiya şahmatçısı Aleksandr Qrişuk, dünya kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya), FIDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan) və çexiyalı David Navara iştirak edəcəklər.

Azərbaycanı Vüqar Həşimov Memorialında “Shamkir Chess” superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FIDE reytinqində beşinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2790), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2756) təmsil edəcək.

XXII kateqoriyalı superturnirin reytinq favoriti Norveç təmsilçisi Maqnus Karlsendir. Hazırkı dünya çempionu Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2845 xalla 1-ci pillədə qərarlaşıb.

Turnirə aprelin 9-da yekun vurulacaq.