Estoniya prezidenti Kersti Kalyulayd Müdafiə Qüvvələrinin veteranları, ölkə və NATO hərbçiləri, həmçinin güc strukturlarının nümayəndələri ilə birlikdə 15 kq-lıq yüklə 30 km məsafəyə yürüşdə iştirak edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Kersti Kalyulayd özünün "Facebook" səhifəsində məlumat yerləşdirib. Xanım prezident Estoniyanın NATO-ya daxil olmasının 15 illiyini belə qeyd etmək qərarına gəldiyini bildirib.
“Skaut yürüşü” aksiyasına ümumilikdə 1,3 minə yaxın insan qatılıb. Güc strukturlarının nümayəndələri yürüşə tabel silahları və 10 kq-lıq yüklə çıxıblar. Digər iştirakçılar isə silahı beş kq əlavə yüklə kompensasiya etməli olublar.
Xatırladaq ki, Baltikyanı respublikanın qadın prezidenti üçün böyük idman yükü nadir hal sayılmır. Belə ki, o, ötən ilin fevralında Tamsalu-Neerut xizək marafonunda 30 km məsafəni 2 saat 13 dəqiqə 30 saniyəyə qət edərək finişə 223-cü çatıb. Noyabrda isə dünyanın ən böyük yarışlarından biri olan Nyu-York marafonuna qatılaraq 42,2 km məsafəni 4 saat 2 dəqiqə 40 saniyəyə başa vurub.