logo

Ramil Quliyev:"Hədəfim Olimpiya çempionu olub, "üçlüyü" tamamlamaqdır"

22:30 29-03-2019 | icon 3192
Ramil Quliyev:"Hədəfim Olimpiya çempionu olub, "üçlüyü" tamamlamaqdır"

"Ən böyük hədəfim gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır. Bunu reallaşdıraraq "3-lüy"ü tamamlayacağam".

 YeniAvropa xəbər verir  ki, bu fikirləri "Anadolu" agentliyinə müsahibəsində Türkiyə millisinin heyətində 200 m məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev  deyib.

29 yaşlı idmançı yeni mövsüm üçün hazırlığının Antaliyadakı Belek Turizm Mərkəzində sıx qrafiklə davam etdiyini bildirib.

Quliyev mayın 5-də Qətərin paytaxtı Dohada keçiriləcək Brilliant Liqa yarışı ilə yeni mövsümə başlayacağını söyləyib. Atlet Brilliant Liqadan savayı, 27 sentyabr - 6 oktyabrda Dohada təşkil olunacaq dünya çempionatınadək digər turnirlərə də qatılacağını deyib: "Ümid edirəm ki, bu il yaxşı keçəcək. Təbii ki, bütün hazırlıqlarımı 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün edirəm".

Son dünya çempionatının qalibi olan idmançı bu nəticənin ona hər hansı bir təzyiq yaratmayacağını bildirib: "Builki dünya çempionatında rahat yarışacağam. Qızıl medala rəqiblərimə nisbətən bir addım daha yaxınam. Yenidən bu uğuru təkrarlamaq üçün çalışıram".

R.Quliyev ciddi bir zədə ilə qarşılaşmayacağı təqdirdə, ən azı daha 8 il karyerasına davam edəcəyini sözlərinə əlavə edib: "Tokio-2020" son olimpiadam olmayacaq. Karyerama davam edəcəyəm. 2020-ci ildən sonra daha bir olimpiada görəcəyimə inanıram".

Təcrübəli atlet karyerasını başa vurduqdan sonra idman mərkəzi açmaq istədiyini də diqqətə çatdırıb: "Bakıda Respublika Olimpiya İdman Liseyində təhsil almışam. Orada bütün idman növləri üzrə dərslər keçilirdi. Həm idman, həm də təhsil eyni yerdə idi. İdmanla təhsilin birgə olması çox önəmlidir. Təhsil, idman və digər bütün ehtiyaclar eyni yerdə olmalıdır. Bundan sonra idmançılar uğurlar qazana bilər. Türkiyədə belə bir idman mərkəzi açmaq istəyirəm".