Türkiyə Rusiyadan aldığı "S-400" zenit-raket komplekslərini üçüncü ölkələrə satmayacaq. YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu bəyanatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra verib.
Türkiyə xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, bu zenit-raket kompleksləri yalnız onun ölkəsinin ehtiyacları üçün alınıb. Onun sözlərinə görə, Rusiya ilə danışıqlardan əvvəl Ankara bu cür silahların alınması üçün bir çox ölkələrlə, o cümlədən ABŞ ilə danışıqlar aparsa da, onlardan müsbət cavab ala bilməyib. “Biz Rusiya ilə razılaşdıq və müqavilə imzaladıq. Artıq bu müqavilə qüvvədədir və hazırda biz zenit-raket komplekslərinin tədarükü haqqında danışırıq”, -deyə Çavuşoğlu vurğulayıb.
Türkiyəli nazir onu da qeyd edib ki, üçüncü ölkələrin iki dövlət arasında qəbul olunmuş qərara etiraz etməsi beynəlxalq siyasətə ziddir. O, həmçinin bildirib ki, "S-400" zenit-raket komplekslərinin bəzi detalları Türkiyədə yığılır.