logo

"Boeing" 737 MAX modelinin təhlükəsizliyinə tam təminat verir

21:10 12-03-2019 | icon 3178
"Boeing" 737 MAX modelinin təhlükəsizliyinə tam təminat verir

"Boeing" korporasiyası Efiopiyada aviasiya qəzası ilə əlaqədar bir sıra ölkələrdə “737 MAX” təyyarələrinin istismarının dayandırılması barədə informasiyalar fonunda bu modelin təhlükəsizliyinə tam əmin olduğunu bəyan edib. YeniAvropa "Dow Jones" agentliyinə istinadla xəbər verir ki, korporasiya, həmçinin nizamlayıcı orqanların və operator-kompaniyaların “Boeing 737 MAX” laynerlərinin uçuşlarının dayandırılması haqqında qərarları daxili bazarlarda vəziyyətdən çıxış edərək qəbul etdiklərini bildirib.

"Boeing" bəyan edib ki, ABŞ Federal Aviasiya İdarəsindən “737 MAX” təyyarələri ilə bağlı hər hansı göstəriş almayıb.

Xatırladaq ki, Əddis-Əbəbədən Nayrobiyə uçan “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

“Efiopiya Hava Yolları” baş verən qəzadan sonra bu tip təyyarələrin uçuşlarını dayandırıb.

Çin, İndoneziya, Böyük Britaniya, Vyetnam, Sinqapur, Malayziya, Avstraliya, Oman və Cənubi Koreyanın aviasiya orqanları da belə bir qərar qəbul ediblər.