Ermənistanda hökumət binasının qarşısında növbəti etiraz aksiyası keçirilir.YeniAvropa erməni KİV-lərinə istinadla xəbər verir ki, budəfəki aksiyanın iştirakçıları qazlı içkilər istehsal edən şirkətlərin işçiləridir. Onlar hökumət tərəfindən “əhalinin sağlamlığı üçün zərərli mallar” kateqoriyasına daxil edilən qazlı içkilərə əlavə 5 faiz aksiz vergisi tətbiq edilməsinə etiraz edirlər.
Vergi Məcəlləsinə yeni dəyişikliyin ləğv olunmasını tələb edən aksiya iştirakçıları maliyyə naziri ilə görüşmək istəyiblər. Lakin nazir onları qəbul etməyib. Şirkətlərin sahibləri bildiriblər ki, aksiz vergisinin artırılması kiçik müəssisələrin bağlanmasına və fəhlələrin işsiz qalmasına səbəb olacaq. Onlar əlavə ediblər ki, hökumətin bu addımının səbəbi əhalinin sağlamlığının qorunması deyil, kiçik şirkətləri məhv edərək bu sahədə inhisar yaradılmasıdır.