Efiopiyada “Boeing-737-8” təyyarəsinin qəzaya uğraması nəticəsində 35 ölkədən olan 157 nəfər həlak olub. Bu insidentdən sonra Çin hökuməti öz aviaşirkətlərinin sərəncamında olan “Boeing-737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.
YeniAvrop "Reuters" agentliyinə istinadla xəbər verir ki, qəzanın baş verməsi səbəbi hələ məlum olmasa da, Pekin 2016-cı ildən istifadəyə verilən və “Boeing-737” təyyarələrinin altıncı nəsli sayılan “Boeing-737 MAX 8”lərin uçuşlarının dayandırılması barədə qərar qəbul edib. Çin Mülki Aviasiya İdarəsinin bəyanatında deyilir ki, bu qərarın qəbul olunmasının səbəbi ötən ilin oktyabrında İndoneziyanın “Lion AIR” aviaşirkətinin də eyni markalı təyyarəsinin havada qəzaya uğraması ilə son insidentin bənzər olmasıdır.
Ekspertlər ehtimal edirlər ki, ötən il baş vermiş qəzanın pilotun səhvi nəticəsində baş verdiyi məlum olduğundan, hələ ki, “Boeing”i ittiham etmək mümkün deyil. Bununla belə, Air China, China Eastern Airlines, China Southern Airlines kimi böyük aviaşirkətlərin daxil olduqları Çin mülki aviasiyası xəttə olan 90 ədəd “Boeing-737 MAX 8”lərin uçuşlarını dayandırıb.
Çinin bu addımından sonra Efiopiya Hava Yolları da sərəncamında olan 4 ədəd “Boeing-737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.
Bundan başqa, bir neçə Şimali Amerika aviaşirkətləri də Efiopiyada baş vermiş qəzanın təhqiqatının nəticələrini gözlədiklərini bəyan ediblər. “Boeing” şirkəti isə həlak olanların ailələrinə başsağlığı verib və texniki kömək göstərməyə hazır olduğunu bəyan edib.