logo

Son 3 il ərzində Danimarka sahillərində 11 yeni ada əmələ gəlib

23:11 09-03-2019 | icon 2849
Son 3 il ərzində Danimarka sahillərində 11 yeni ada əmələ gəlib

2015-ci ildən 2018-ci ilədək olan dövrdə Baltik dənizinin Danimarka sahillərində 11 yeni ada əmələ gəlib.

 YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Ərzaq Məsələləri Nazirliyinin məlumatında deyilir.

“Təbiət Məsələləri İdarəsi tərəfindən ümumilikdə Danimarka Krallığında 2015-ci ildən 2018-ci ilədək 11 ada qeydiyyata alınıb”, - deyə məlumatda bildirilir. Mön adasından şimala bir neçə ada əmələ gəlib. Yutlandiyanın qərbində, Nissum fiordu (qayalıq dəniz körfəzi) rayonunda isə 5 adayabənzər kiçikölçülü yenitörəmə yaranıb.

“Yeni adalar dənizdə torpağın eroziyası səbəbindən əmələ gəlir. Adətən bu, yüksək yamaclarda baş verir. Torpaq sürüşür və dəniz cərəyanı onu çəkib aparır”, - deyə Təbiət Məsələləri İdarəsinin əməkdaşı Yes Oqord “Ritzau” agentliyinə müsahibəsində bildirib. Əsasən qumdan ibarət olan həmin 11 ada 63 hektar ümumi sahəyə malikdir. Bu, Katteqat boğazında yerləşən, Danimarkanın böyüklüyünə görə 78-ci adası sayılan Yelmlə təxminən eyni ölçüdədir. Cərəyan zəiflədikdə yuyulub aparılan torpaq çökür, bir neçə müddətdən sonra ada əmələ gəlir. Əksər hallarda bu çöküntülər burunlarda və buna oxşar quru sahələrdə yaranaraq sapa düzülmüş mirvariyə bənzəyir. Yes Oqordun sözlərinə görə, daim üzərində suyun və cərəyanın təsirini hiss edən Danimarka landşaftı həmişə dəyişir. Yeni adalar əmələ gəldikcə, köhnələri itir.

Danimarkanın landşaftı Buz dövründə formalaşıb. O, qum və gildən olan buzlaşmış kütlələrdən yaranıb. Nazirliyin məlumatında daha sonra bildirilir ki, sahilə yaxın yerləşən yeni kiçik adalar sahilboyu və suda yaşayan quşların populyasiyası üçün böyük əhəmiyyətə malikdir. Onlar burada yırtıcıların görünməsindən çəkinməyərək özlərini tam təhlükəsiz hiss edir, rahat çoxala bilirlər.