logo

Bu gün UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa biletlər satışa çıxarılacaq

15:30 07-03-2019 | icon 3507
Bu gün UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa biletlər satışa çıxarılacaq

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa ümumi oturacaqlar üçün bilet satışına bu gün start veriləcək.

 YeniAvropa  xəbər verir ki, final qarşılaşması üçün nəzərdə tutulan 64 min biletdən 37 min 500-ü ümumi satışa çıxarılacaq. Yerdə qalan biletlər isə milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.

Qeydiyyatdan keçmək üçün www.finalbaku2019.az/ticketing linkinə daxil olmaq, UEFA-nın rəsmi saytına keçərək şəxsi bilet hesabını yaratmaq lazımdır. Prosesin davamı olaraq qeydiyyatdan keçənlərə UEFA tərəfindən təsdiq üçün elektron məktub gələcək.

Final oyununa bilet satışı dörd mərhələdə həyata keçiriləcək. Martın 7-dən 21-dək davam edəcək birinci mərhələdə hər kəs şəxsi hesabına daxil olaraq bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Bir nəfər özü də daxil olmaqla yalnız dörd bilet ala bilər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Bundan əlavə, gənclər üçün nəzərdə tutulan 400 paket (800 bilet) isə 60 avro dəyərində olacaq. Paketə biri böyük və digəri 14 yaşdan kiçik olmaqla iki nəfər üçün iki biletin satışı daxildir. Biletlər dördüncü kateqoriya üzrə güzəştli qiymətlə satışa buraxılacaq.

Martın 28-dən aprelin 5-dək davam edəcək ikinci mərhələdə ödəniş etməklə lotereyada qaliblərin adına çıxan bileti əldə etmək mümkün olacaq. Göstərilən tarixlərdə ödəniş edilmədikdə yerdə qalan biletlər yenidən satışa çıxarılacaq.

Mayın 21-də başlayacaq üçüncü mərhələdə alınan bilet mobil telefona göndəriləcək. Bunun üçün mobil telefonlara UEFA-nın saytından xüsusi tətbiqi yükləmək lazımdır. Alıcılar, eyni zamanda, digər şəxslər üçün aldıqları biletləri həmin şəxslərin mobil telefonuna göndərə bilərlər. Onlar da öz növbələrində UEFA-nın rəsmi saytında qeydiyyatdan keçməli və şəxsi hesablarını yaratmalıdırlar.

Oyun gününə təsadüf edəcək dördüncü mərhələdə biletləri stadiona giriş zamanı aktivləşdirmək lazımdır. Bunun üçün mobil telefon IOS və ya Android sistemini dəstəkləməlidir. Biletlərin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

Qeyd edək ki, final oyununa bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, UEFA bilet satışını lotereya sistemi vasitəsilə həyata keçirəcək.

Xatırladaq ki, UEFA-nın həyata keçirdiyi “Rəsmi qonaqpərvərlik proqramı” üzrə biletlərin satışına ötən ilin noyabrından başlanılıb. Biznes yerlər üçün “Rəsmi qonaqpərvərlik paketləri”ni uelf.hospitality.uefa.com/packages/ linkinə daxil olaraq əldə etmək mümkündür.