logo

“Tokio-2020” biletlərinin satışı iyunda başlayacaq

19:51 06-03-2019 | icon 3388
“Tokio-2020” biletlərinin satışı iyunda başlayacaq

 2020-ci ild Tokioda keçiriləcək Yay Olimpiya oyunlarının biletləri iyunun 14-dən - Yaponiya sakinləri üçün satışın başlamasından bir neçə həftə sonra digər ölkələrin idman həvəskarlarına satılacaq.

YeniAvropa xəbər verir ki, biletlərin satışı qrafiki “Tokio-2020”-nin Asiya Olimpiya Şurasının Baş Assambleyasına təqdimatı mərasimində açıqlanıb. Yaponiyada biletlərin aprelin sonunda –“qızıl həftə” bayramı zamanı satışa veriləcəyi gözlənilir. Həmin bayram şənlikləri aprelin 27-dən mayın 6-dək davam edəcək.

Biletlərin daxili bazarda və əcnəbilər üçün ayrı-ayrı vaxtlarda satışa çıxarılması qərarı qeyri-adidir. Əvvəlki Oyunlarda biletlər həm ev sahibi ölkə həm də qonaqlar üçün eyni vaxtda satılırdı. Satışların 14 iyunda başlanması da təsadüfi deyil: həmin gün “Tokio-2020” biletlərinin surətinin çıxarılması və saxtalaşdırılmasını qadağan edən qanun qüvvəyə minir. Yeni qanuna görə, göstərilən hərəkətlərə görə bir ilədək azadlıqdan məhrumetmə və ya 9 min dollar cərimə, yaxud hər ikisi birlikdə olmaqla cəza tətbiq edilə bilər.

“Tokio-2020” Olimpiadasının ən bahalı biletləri açılış və bağlanış mərasimlərinə olacaq (300 min yen). Böyüklər üçün ən ucuz bilet 2500 yen, yaşlılar, uşaqlar və fiziki imkanları məhdud şəxslər üçün isə 2 020 yen olacaq.

Hər bir ölkə üçün ayrılacaq biletlərin miqdarı barədə aprel ayında həmin dövlətlərin səlahiyyətli orqanlarına məlumat veriləcək.

Azərbaycan Mərkəzi Bankının martın 6-na olan məlumatına görə, 1 yapon yeni 0,015 Azərbaycan manatına bərabərdir.