Şotlandiyanın paytaxtı Qlazqo şəhərində keçirilən atletika üzrə 35-ci qış Avropa çempionatında çıxış edən atletimiz, üç təkanla tullanmada yarışan 21 yaşlı Nazim Babayev bütün rəqiblərini qabaqlayaraq 17.29 metr nəticə ilə Avropa çempionu olub.
Azərbaycan Atletika Federasiyasından YeniAvropa-ya bildiriblər ki, bu nəticə ilə milli atlet şəxsi rekordunu da yeniləyib.
Beləliklə, Nazim Babayev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.
Xatırladaq ki, Nazim Babayev 2015-ci ildə İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi olub. İdmançımız, həmçinin Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.
Qeyd edək ki, bu il 35-ci dəfə təşkil olunan qış Avropa çempionatı ilk dəfə 1970-ci ildə keçirilib. “Qlazqo 2019”da qitənin 50 ölkəsindən 600-dən çox atlet mübarizə aparıb.