Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından olan A seriyası turnirində finala yüksəlib.
YeniAvropa xəbər verir ki, Avstriyanın Zalsburq şəhərində keçirilən turnirdə Fransa, İtaliya, İran və Ekvador təmsilçilərini məğlub edən A.Qurbanlı yarımfinalda sonuncu dünya çempionu Conatan Horneyə (Almaniya) qalib gəlib. Martın 3-də qızıl medal uğrunda həlledici görüşdə karateçimizi daha bir İran idmançısı Saleh Abazari ilə gərgin döyüş gözləyir.
Altı görüşdən beşində qalib gələn Firdovsi Fərzəliyev (60 kq) isə yarışın sonuncu günündə Qazaxıstan idmançısı Kaysar Alpisbay ilə bürünc medal uğrunda qarşılaşacaq.
Komandamızın digər üzvləri martın 2-də mübarizəyə qatılacaqlar.
Bütün çəki dərəcələrində mükafat görüşləri martın 3-də keçiriləcək.
Martın 3-dək davam edəcək A seriyası turnirinə rekord sayda - 99 ölkədən 2057 karateçi qatılıb.