Ötən 11 ay ərzində İran sərhədçiləri 55 ton narkotik vasitə müsadirə edib.
YeniAvropa xəbər verir ki, bu sözləri İranın Sərhəd Qoşunları komandanı general Qasım Rezayi keçirdiyi mətbuat konfransında deyib. General bildirib ki, bu miqdarda narkotik vasitə İran ərazisinə keçiriləndən sora yox, keçirilməsinə cəhd edildiyi zaman tutularaq müsadirə edilib. Onun sözlərinə görə, dünyanın heç bir ölkəsinin sərhədləri İran sərhədləri qədər təhlükəli deyil. Narkotik qaçaqmalçıları ilə yanaşı, sərhədçilər terrorçu qruplaşmaların da ölkə ərazisinə soxulmasının qarşısını alır.
Mətbuat konfransında iştirak edən Sistan-Bəllucistan vilayətinin polis idarəsinin rəisi Məhəmməd Qəmbəri isə nəzərə çatdırıb ki, ötən gün vilayətin Sərvan şəhərində keçirilən əməliyyat nəticəsində 1 ton 625 kiloqram narkotik vasitə müsadirə edilib. Əməliyyat zamanı 10 nəfərin həbs edildiyi də nəzərə çatdırılıb.
General onu da qeyd edib ki, narkotik qaçaqmalçılığı ilə mübarizə üçün Avropa İttifaqından yardım istənilsə də müsbət cavab alınmayıb.
Xatırladaq ki, İranın Sistan-Bəllucistan vilayəti Əfqanistanla sərhəddə yerləşir. Narkotik vasitələrin qaçaqmalçıları narkotik maddələri qaçaqmalçılıq yolu ilə bu vilayətə buradan isə Avropa ölkələrinə daşımağa çalışırlar.