Fevralın 27-də Ermənistanın baş nazir Nikol Paşinyan İrana rəsmi səfər edəcək.
YeniAvropa erməni mətbuatına istinadla xəbər verir ki, bu günlərdə Ermənistanın Enerji və Təbii Ehtiyatlar Nazirliyi açıqlama yayaraq bildirib ki, səfər çərçivəsində keçirilən görüşlərdə İran qazının Ermənistan ərazisindən Gürcüstana, oradan da Qara dəniz vasitəsilə Avropaya ixracı müzakirə mövzularından olacaq.
Xatırladaq ki, Ermənistanın irəli sürdüyü ideyaya yeni mövzu deyil. Hələ 2008-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən irəli sürülən İran-Ermənistan dəmir yolunun çəkilişi də ideya olaraq qalır. O vaxtdan uzun illər ötməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmadı. Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu körpüsü istifadəyə verildikdən sonra İran ilə Azərbaycanın dəmir yolları sistemi birləşdi və bununla da Sarkisyanın ideyası həmişəlik “dəfn edildi”.
Ekspertlərin sözlərinə görə, İran-Ermənistan qaz kəmərinin çəkilməsi ideyası da 2007-ci ildən ortaya atılıb. Yenə ortada heç nə yoxdur. İran konkret olaraq Ermənistan ərazisindən qaz nəql etmək fikrində olmadığını büruzə verib. Odur ki, Nikol Paşinyanın qarşıdakı səfəri də heç nəyi dəyişməyəcək.