Rusiya boksçuları bu idman növünün Olimpiya Oyunları proqramından çıxarılmasından narahatdırlar
Rusiya boksçuları idmanın bu növünün Olimpiya Oyunlarının proqramında saxlanılması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) məktub ünvanlayıblar.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyev jurnalistlərə bildirib.
“Biz BOK-un komissiyasına müraciət etdik. Ali idman qurumuna Olimpiya çempionlarının imzası ilə məktub göndərdik. Beynəlxalq Boks Federasiyası (AIBA) BOK-un bütün suallarını cavablandırıb. İndi biz şəffaf sistemdə və sıx əməkdaşlıq şəraitində çalışmalıyıq”, - deyə U. Kremlyev deyib.
Qeyd edək ki, U.Kremlyev Avropa Boks Konfederasiyasının (EUBC) vitse-prezidentidir, eyni zamanda AIBA İcraiyyə Komitəsinin üzvüdür.
Xatırladaq ki, bundan əvvəl BOK AIBA-nın istintaqının tamamlanmasınadək Tokio Olimpiadasında boks turnirinin keçirilməsi planını “dondurub”. BOK, həmçinin bu federasiyanın maliyyələşdirilməsi, bilet satışı, təsnifat sisteminin təsdiqi və tətbiqi, test tədbirləri və yarışların yekun qrafikinin hazırlanması üzrə prosesləri dayandırıb. AIBA-ya Olimpiya obyektləri, rəmzləri və reklam materiallarından istifadə etmək də qadağan olunub.