Fevralın 24-də Misirin Şarm əl-Şeyx kurort şəhərində Misir prezidenti Əbdülfəttah əs-Sisi və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun həmsədrliyi ilə Ərəb Dövlətləri Liqasının və Avropa İttifaqının ikigünlük sammitinin açılışı olacaq.
YeniAvropa xəbər verir ki, Misirdə ilk dəfə keçiriləcək tarixi sammitdə 22 ərəb və 28 Avropa ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcəklər.
Tədbirdə aktual məsələlərin geniş spektri, xüsusən siyasi, iqtisadi, sərmayə, sosial sahələrdə, həmçinin ətraf mühitin mühafizəsi və təhlükəsizlik üzrə mövcud olan problemlərin həlli yolları müzakirə olunacaq.
Hər iki tərəfdən olan liderlər ərəb-Avropa əlaqələrinin möhkəmlənməsinə səy göstərəcək, habelə plüralizm, ticarət, qeyri-leqal miqrasiya, terrorçuluqla mübarizə və regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. Sammitin məqsədi bir neçə siyasi məsələlərin, o cümlədən Yaxın Şərqdəki proses, Suriya, Yəmən, Liviya və İraqda siyasi böhranların həlli yollarının araşdırılmasıdır.