ABŞ-ın Məxfi Xidmətinin 200-dən çox əməkdaşı prezident Donald Trampın təhlükəsizliyini təmin etmək üçün bu gün Hanoy şəhərinə gələcək.
YeniAvropa “VnExpress” qəzetinə istinadla xəbər verir ki, Məxfi Xidmətin agentləri ABŞ-ın Yaponiyadakı hərbi bazasından Hanoy aeroportuna gətiriləcək və şəhər mehmanxanalarının birində yerləşdiriləcək.
Məlumatda, həmçinin bildirilir ki, ötən həftə ABŞ-dan Hanoy şəhərinə “Boeing C-17 Globemaster III” tipli bir neçə hərbi-nəqliyyat təyyarəsi göndərilib. Təyyarələrdə görüşün keçirilməsi üçün lazımi avadanlıq, helikopter və Trampın Vyetnama səfəri zamanı istifadə etməsi üçün iki ədəd “Cadillac One” limuzini olub.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp fevralın 27-28-də Hanoy şəhərində KXDR lideri Kim Çen Inla ikinci görüşünü keçirəcək. Bundan əvvəlki görüş 2018-ci il iyunun 12-də Sinqapurda baş tutmuşdu.
Liderlər Koreya yarımadasının nüvəsizləşdirilməsi və Pxenyanla Vaşinqtonun münasibətlərinin normallaşdırılması barədə Sinqapur sammitində elan olunan birgə bəyanat reallaşdırılması istiqamətində atılacaq addımlara dair razılığa gəlməyə çalışırlar. Lakin həmin vaxtdan bu yana heç bir konkret iş görülməyib: Pxenyan Vaşinqtondan vədlərin icra edilməsini, ABŞ administrasiyası isə KXDR-dən nüvə tərksilahı üzrə yeni addımlar atmasını gözləyir.