logo

BOK Hindistanı idman yarışları keçirməkdən məhrum etdi

19:47 22-02-2019 | icon 3514
BOK Hindistanı idman yarışları keçirməkdən məhrum etdi

Hindistanın Cammu və Kəşmir ştatında terror aktından sonra bu ölkənin 4 pakistanlı idmançıya viza verməkdən imtina etməsi Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən sərt sanksiya ilə qarşılanıb.

 YeniAvropa “Aljazeera” telekanalına istinadla xəbər verir ki, siyasəti idmana qarışdıran Hindistan Milli Olimpiya Komitəsinin gələcəkdə idman yarışları keçirilməsi üzrə müraciətlərinə rədd cavabı veriləcək. BOK digər milli olimpiya komitələrinə bu ölkədə keçirilən yarışlarda iştirakdan imtina etməyi tövsiyə edib.

BOK-un bəyanatında bildirilir ki, idmançılara viza verilməsindən imtina etmək Olimpiya hərəkatının prinsiplərinə ziddir və həmin ölkənin idmana siyasi müdaxiləsinin əlamətidir. “Bu xəbəri aldıqdan sonra Hindistan rəsmiləri ilə əlaqə yaratmağımıza baxmayaraq, pakistanlı idmançıların Dehlidə keçirilən yarışlarda iştirakına icazə verilməsinə nail ola bilmədik. Bunun nəticəsi olaraq, BOK-un İcraiyyə Komitəsi Hindistan MOK və hökuməti ilə Olimpiya yarışlarının və digər idman tədbirlərinin keçirilməsi barədə danışıqları dayandırmaq haqqında qərar qəbul edib”, -deyə bəyanatda qeyd olunur.

Beləliklə, Hindistanın 2026-cı ildə gənclərin Olimpiadası, 2030-cu ildə Asiya Oyunları və 2032-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək barədə müraciətlərinə baxılmayacaq.