logo

Ölümdən dönən astronavtlar yenidən kosmosa uçacaqlar

21:13 21-02-2019 | icon 2982
Ölümdən dönən astronavtlar yenidən kosmosa uçacaqlar

Ötən ilin oktyabrında qəzaya uğrayan “Soyuz MC-10” kosmik gəmisinin göyərtəsində ölümdən dönən MKS-57/58 missiyasının üzvləri - rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq mart ayında yenidən kosmosa uçacaqlar.

 YeniAvropa “Reuters” agentliyinə istinadla xəbər verir ki, martın 15-də kosmosa buraxılması nəzərdə tutulan yeni kosmik gəminin ekipajına daha bir NASA astronavtı - zərif cinsin nümayəndəsi Kristina Koç da daxil edilib.

A.Ovçinin jurnalistlərə müsahibəsində bildirib ki, uçuşa hazırlıq müddətində hər iki kosmonavt dəfələrlə psixoloqların söhbətindən keçib. Kosmonavt əlavə edib ki, onun və amerikalı astronavt Heyqin psixoloji vəziyyəti əladır və növbəti uçuşun uğurla keçəcəyinə inanırlar.

Xatırladaq ki, 2018-ci il oktyabrın 11-də kosmosa buraxılan “Soyuz MC-10” kosmik gəmisində uçuşun 119-cu saniyəsində birinci pillənin yan bloklarının ikinci pillənin mərkəzi blokundan ayrılması nəticəsində mühərriklər sönüb. Bundan sonra qəza mayakı işə düşüb və paraşüt açıldıqdan sonra ekipaj üzvləri Qazaxıstanda qəza enişi ediblər.