FIDE 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə düşmək üçün şərtləri açıqlayıb
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə düşmək üçün şərtləri açıqlayıb. YeniAvropa federasiyanın rəsmi saytına istinadla xəbər verir ki, İddiaçlar turnirində bu dəfə də 8 şahmatçı iştirak edəcək.
Artıq turnirin bir iştirakçısı məlumdur. Belə ki, amerikalı Fabiano Karuana ötən ilin sonunda şahmat tacı uğrunda keçirilən final matçının iştirakçısı kimi turnirə birbaşa vəsiqə qazanıb.
İki yer dünya kubokunun finalçılarına veriləcək (əgər finalçı Maqnus Karlsen ya Karuana və ya hər ikisi olacaqsa, o zaman turnirdə onlardan sonra gələn ən yaxşı nəticə göstərmiş şahmatçı). Daha iki yer FIDE Qran-Pri seriyasında ən yüksək nəticə göstərən şahmatçılar üçün ayrılacaq. Qalan üç yerin sahibi isə Men adasında 160 şahmatçının iştirak edəcəyi “Grand Swiss” turnirinin qalibi, ən yüksək orta reytinqi olan şahmatçı (2019-cu ilin fevralından 2020-ci ilin yanvarınadək, Karlsen və Karuanadan sonra) və təşkilatçı tərəfindən seçiləcək oyunçu olacaq.
Şahmatçılarımızın İddiaçılar turnirində iştirakına gəlincə, onu qeyd etməliyik ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun bu nüfuzlu yarışa vəsiqə əldə etməsi üçün real şansları var.