Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Qran-Pri seriyasında iştirak edəcək şahmatçıların siyahısını açıqlayıb.
YeniAvropa FİDE-nin rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak edəcəkləri yarışın hər mərhələsində 16 şahmatçı mübarizə aparacaq. Hər bir şahmatçı dörd Qran-Pri mərhələsinin yalnız üçündə iştirak edə bilər. Ş.Məmmədyarov Moskva, Yurmala və Təl-Əvivdə çıxış edəcək. O, yalnız Hamburqdakı turnirdə iştirak etməyəcək. T.Rəcəbov isə Yurmala şəhərində keçiriləcək Qran-Pri mərhələsini buraxacaq. Turnirin yekun nəticələrinə görə ən yüksək göstəriciyə malik iki şahmatçı 2020-ci ildə keçiriləcək iddiaçılar turnirində iştirak hüququ qazanacaq.
Qran-Pri seriyasının ilk mərhələsi mayın 16-dan 30-dək Moskvada, sonrakı mərhələlər isə Riqa və Yurmalada (11-25 iyul), Hamburqda (4-18 noyabr) və Təl-Əvivdə (10-24 dekabr) keçiriləcək. Qran-Pri seriyasının hər mərhələsinin mükafat fondu 130 min avro təşkil edəcək. FİDE tərəfindən yaradılan əlavə 280 min avroluq mükafat fondu yüksək nəticə göstərən oyunçular arasında bölünəcək.