Gürcüstan prezidenti administrasiyasında aparılan struktur islahatları nəticəsində 61 əməkdaş işdən çıxarılır.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin mətbuat katibi Xatiya Moistsrapişvili məlumat verib. Onun sözlərinə görə, prezident Salome Zurabişvilinin təşəbbüsü ilə əməkdaşların sayı 121 nəfərdən 60-dək azaldılacaq.
Administrasiyada işdən çıxarılan əməkdaşlar başqa dövlət və hökumət orqanlarında işlə təmin olunacaqlar. Onlara təklif olunan iş yerləri ilə razılaşmayan əməkdaşlar isə 3 aylıq əmək haqlarını birdəfəlik kompensasiya şəklində alacaqlar və özlərinə iş axtaracaqlar.
Salome Zurabişvili əvvəlki prezidentlər Mixeil Saakaşvili və Qeorqi Marqvelaşvilidən fərqli olaraq, Avlabari küçəsindəki prezident iqamətgahında deyil, Atoneli küçəsindəki yığcam və az otaqları olan Orbeliani binasında fəaliyyət göstərməyi qərara alıb.