ABŞ prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə sənəd imzalayıb. YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Sara Sanders bildirib.
O, "Twitter" səhifəsində Donald Trampın Ağ evdəki iş otağında fotosunu dərc edərək yazıb: “Prezident dövlət təhlükəsizliyinə təhdid və cənub sərhədində humanitar böhranla bağlı bəyannamə imzalayır”.
Fövqəladə vəziyyət rejiminin tətbiqi Donald Trampın Meksika ilə sərhəddə səddin tikintisi üçün 8 milyon dollar vəsait almasına yol açacaq. Belə ki, ABŞ Konqresi bu məqsəd üçün prezidentin tələb etdiyi 5,7 milyard dollar əvəzinə yalnız 1,375 milyard dollar ayırıb.
Demokratlar fövqəladə vəziyyət rejiminin tətbiqinə kəskin etiraz ediblər. Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Donald Trampın qərarına qarşı məhkəmədə iddia qaldıracaqlarını bildirib.