Tacikistanın hakimiyyət orqanları qızıl və digər qiymətli metallar hasil etməyi bacaran fiziki şəxslərə bu sahə ilə məşğul olmaq icazəsi verəcək.
YeniAvropa "Asia-Plus" agentliyinə istinadla xəbər verir ki, bu barədə Tacikistanın maliyyə naziri Fayziddin Kaxxorzoda bildirib. “Layihə yaxın günlərdə hökumətin müzakirəsinə çıxarılacaq və növbəti iclasın gedişində qəbul ediləcək”, – nazir belə deyib. Onun sözlərinə görə, hazırda sənəd digər nazirlik və qurumların müzakirəsindədir.
Sənədə əsasən, Maliyyə Nazirliyinin icazəsini alan hər bir ölkə vətəndaşı qiymətli metalların axtarışı və hasilatı ilə məşğul ola bilər. Hasil edilən qiymətli metallar nazirliyin müəyyən etdiyi qiymətə uyğun olaraq dövlətin maliyyə qurumları tərəfindən satın alınacaq.
Hazırda Tacikistanda qiymətli metalları yalnız qeydiyyatdan keçmiş kompaniyalar hasil edə bilir. Bu sahə ilə məşğul olmaq istəyən vətəndaşlar əvvəlcədən həmin kompaniyaların ştatına keçirilir, yuyulmuş metallar isə işə götürənin təyin etdiyi qiymətə elə onların özlərinə satılır.