Fevralın 12-də şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı başa çatıb.YeniAvropa xəbər verir ki, 18 şahmatçının mübarizə apardığı yarışda liderliyi əldən verməyən Günay Məmmədzadə 8,5 xalla Azərbaycan çempionu adını qazanıb.
Xanım Balacayeva 6,5 xalla ikinci yeri tutub. Onunla eyni xala malik olan Gövhər Beydullayeva isə üçüncü pillədə qərarlaşıb.
Oyunlar başa çatdıqdan sonra yarışların bağlanış mərasimi keçirilib. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək builki ölkə çempionatında güclü şahmatçıların mübarizə apardığını vurğulayıb. Qeyd edib ki, 2019-cu ildə şahmat üzrə qadın yığmamızı bir sıra nüfuzlu turnirlər gözləyir. O deyib ki, ölkə çempionatında şahmatçılarımız yüksək potensial nümayiş etdiriblər. Vitse–prezident növbəti ölkə çempionatının dairəvi sistem üzrə keçiriləcəyini qeyd edib.
Sonra çıxış edən yarışların baş hakimi Lütfiyar Rüstəmov ölkə çempionatının yüksək səviyyədə keçirildiyini, gənc şahmatçıların inamla mübarizə apardıqlarını qeyd edib.
Sonda qalib və mükafatçılar diplom, fəxri fərman və pul hədiyyələri ilə mükafatlandırılıblar.