logo

Volvo” şirkəti 167 min avtomobilini geri çağırır

19:48 07-02-2019 | icon 3269
Volvo” şirkəti 167 min avtomobilini geri çağırır

İsveçin avtomobil istehsal edən “Volvo” şirkəti ölkə üzrə 13 min, dünya üzrə 167 min avtomobilini geri çağırması barədə məlumat yayıb. Məlumatda deyilir ki, avtomobilin arxa qapısının ötürücü mexanizmi iqlimi soyuq olan yerlərdə işləməyə bilər.

YeniAvropa Isveç KİV-nə istinadla xəbər verir ki, “Volvo” bunu motor bölməsində yanacağın sızması ehtimalını aradan qaldırmaq üçün 219 avtomobilini geri çağırandan iki həftə sonra bildirib.

Şirkət yeni geriçağırma çərçivəsində arxa qapısında elektrik ötürücüsü olan avtomobillərdə nasaz komponentin hətta travmalara gətirib çıxaracağı barədə 2018-2019-cu illərin buraxılışı olan XC60 sahiblərini məlumatlandırıb. Bununla belə, şirkətdən bildiriblər ki, hələlik onlara ciddi travmalar barədə heç bir məlumat daxil olmayıb. Bu, gələcəkdə hər hansı problemin qarşısını almaq üçün xəbərdaredici addımdır.

Avtomobil sahibləri öz dilerləri ilə əlaqə saxlamaq göstərişi ilə məktub alandan sonra zay detalların əvəzlənməsi işləri pulsuz yerinə yetiriləcək.

Çinin “Geely” şirkəti 2010-cu ildə “Volvo”nu “Ford” konsernindən alandan sonra “Volco Cars” sanballı uğurlar qazanıb. Hazırda İsveç avtokonserni diqqətini avtonom nəqliyyat vasitələrinin, habelə elektrik və hibrid mühərriklərinin işlənib hazırlanması üzərində cəmləşdirməyə başlayıb.

2018-ci ildə “Volvo” şirkətin bütün tarixi ərzində rekord satışların qeydə alındığını açıqlayıb. Həmin dövrdə 643 min 253 avtomobil satılıb. Şirkət elan edib ki, 2019-cu ildən başlayaraq sırf elektrik və hibrid avtomobilləri istehsal edəcək.