logo

Qazaxıstanda güclü şaxtalar hökm sürür

23:31 05-02-2019 | icon 3045
Qazaxıstanda güclü şaxtalar hökm sürür

Fevralın ilk günlərindən başlayaraq Qazaxıstanda güclü şaxtalar hökm sürür. Karaqanda, Qızılorda, Akmola, Pavlador, Kustanay, Cənubi və Şərqi Qazaxıstan vilayətlərinin bəzi yerlərində havanın temperaturu mənfi 40-45 dərəcəyə düşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, şaxtalar güclü külək və dumanla müşayiət olunur. Ölkədə bir sıra yollar bağlanıb.

Şəhərkənarı ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, paytaxtın bütün çıxış yolları bağlanıb. Görmə məsafəsi 700 metrə düşdüyü üçün Astana-Frankfurt aviareysində ləngimə yaranıb.

Ölkədə fövqəladə yardım göstərmək üçün yollarda tibbi və xilasetmə məntəqələri yaradılıb. Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları son günlər yollarda qalan onlarca fərdi minik avtomobili və avtobuslarda olan sərnişinləri təhlükəli ərazilərdən çıxarıblar.

Kəskin soyuqlarla əlaqədar Astanada bütün orta məktəb və liseylərin şagirdləri, həmçinin kolleclərin birinci və ikinci kurs tələbələri dərslərdən azad olunub. Şəhərdəki məktəblərdə fevralın 6-sı üçün birgünlük tətil elan edilib.

Sinoptiklər belə hava şəraitinin fevralın 7-8-dək davam edəcəyini bildiriblər.