Roma pPapası Fransisk bazar günü Birləşmiş Ərəb Əmirliklərinə ilk səfərinə başlayıb. Bu, həmçinin katolik kilsəsi rəhbərinin Ərəbistan yarımadasına ilk səfəridir.
YeniAvropa “Interfax” agentliyinə istinadla xəbər verir ki,səfər Əbu-Dabinin vəliəhd şeyxi və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın şəxsi dəvəti ilə gerçəkləşib.
Fevralın 4-də Əbu-Dabidə Roma papası Fransiskin iştirakı ilə dünyanın müxtəlif ölkələrindən gəlmiş dini liderlərin iştirakı ilə ümumbəşəri qardaşlığa həsr olunmuş görüş keçiriləcək. Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin də iştirak edəcək.
Fevralın 5-də isə Əbu-Dabinin 43 min yerlik “Zayed Sports City” stadionunda Roma papası messa keçirəcək. Bundan başqa, papa Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib ilə də görüşəcək.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərində bir milyonadək katolik yaşayır. Onların çoxu Hindistandan və Filippindən gəlib.