logo

Rəsmi Bakının “qara siyahı”ya saldığı konqresmen ABŞ prezidentliyinə namizəd oldu

19:52 03-02-2019 | icon 3122
Rəsmi Bakının “qara siyahı”ya saldığı konqresmen ABŞ prezidentliyinə namizəd oldu

Nümayəndələr Palatasının üzvü xanım Tulsi Qabbard dünən bəyan edib ki, 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində dövlət başçısı postu uğrunda mübarizəyə başlayır.

YeniAvropa xarici KİV-ə istinadən bildirir ki, 37 yaşlı Tulsi Qabbard 2012-ci ildə Nümayəndələr Palatasına seçilən ilk hindu üzvdür.

Tulsi Qabbard ABŞ-ın Yaxın Şərqdəki siyasətini tənqid etməsi ilə tanınır. "Yeni bir soyuq müharibə üçün nüvə silahı yarışına və ya rejimləri dəyişdirməyə sərf etdiyimiz hər bir dollar bizim cibimizdən gedir",- deyə xanım senator dəfələrlə vurğulayıb. O qeyd edir ki, bu vəsait "ABŞ vətəndaşlarının həqiqi və cari ehtiyaclarını ödəmək üçün xərclənməlidir".

T.Qabbard həm də “ermənilərin soyqırımı”nın tanınmasını dəstəkləyir. Yeri gəlmişkən, o, 2017-ci ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər etmiş Konqres üzvlərinin nümayəndə heyətinin tərkibində olub.

Qeyd edək ki, həmin ilin avqustunda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) onun və daha iki konqresmenin adını özünün "qara siyahı"sına salmışdı.

XİN-in bununla bağlı o vaxt yaydığı açıqlamada deyilirdi ki, bu qanunsuz səfərlə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvləri beynəlxalq hüququn norma və prinsiplərini, Helsinki Yekun Aktını pozaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə bir milyondan artıq mülki Azərbaycan əhalisinin qanlı etnik təmizlənməsinə, aqressiv separatizmə bəraət qazandırır və dəstək vermiş olurlar: "Təəssüflər olsun ki, bu kimi qanunsuz və qərəzli davranışla onlar Azərbaycan ictimai fikrində və beynəlxalq səviyyədə ABŞ Konqresinin nüfuzuna ləkə vururlar. Onların Ermənistan və erməni lobbisi ilə əlbir bu hərəkətləri təxribatdır, regionda davamlı sülhün təmin edilməsi və münaqişənin həlli istiqamətində ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinin pozulmasına xidmət edir".

Vurğulanırdı ki, bu şəxslər ABŞ-da fəaliyyət göstərən erməni lobbi dairələri, xüsusilə radikal, irqçi təşkilat olan Amerika Erməni Milli Komitəsinin maliyyə təsiri altında olduqlarını dəfələrlə öz əməlləri ilə sübut ediblər: "Bu səfərin hansı maliyyə şərtləri altında həyata keçirilməsi ABŞ Konqresinin müvafiq etik komitələri tərəfindən araşdırılmalıdır. Həmçinin, mənəvi-əxlaqi dəyərləri, milli və beynəlxalq səviyyədə qanunun aliliyini rəhbər tutan ABŞ Konqresi Nümayəndələr Palatasının digər üzvlərinə, bu şəxslərin seçildiyi ərazilərin seçicilərinə də müraciət edərək David Valadao, Frank Pallone və Tulsi Qabbardın əməllərinə düzgün qiymət verməyə və qınamağa çağırırıq".

Onu da qeyd edək ki, Qabbard 15 il Milli Qvardiyada xidmət edib, mayor rütbəsi var və iki dəfə İraqa ezam edilib. ABŞ-ın suveren dövlətlərin işlərinə hərbi müdaxilə siyasətinə qarşı prinsipial mövqedən çıxış edən Qabbard 2017-ci ildə Suriya prezidenti Bəşər Əsəd ilə görüşdüyünə görə kəskin tənqidə məruz qalıb.(Virtualaz.org)