Rusiya orta və kiçik mənzilli raketlərin ləğvi haqqında sazişdə iştirakını dayandırır.
YeniAvropa xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkənin xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bu barədə tapşırıq verib. V.Putin qeyd edib ki, ABŞ orta və kiçik mənzilli raketləri dünyanın müxtəlif regionlarında yerləşdirməzsə, Rusiya da belə addım atmayacaq. Rusiya lideri, həmçinin sazişlə bağlı təkliflərin masa üzərində olduğunu və ölkəsinin bu mövzuda danışıqlara hər zaman hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, SSRİ və ABŞ arasında orta və kiçik mənzilli raketlərin ləğvi haqqında saziş 1987-ci ildə Mixail Qorbaçov və Ronald Reyqan tərəfindən imzalanmışdı. O zaman tərəflər orta və kiçik mənzilli bütün ballistik və qanadlı raketlər komplekslərini ləğv etmək, istehsalını dayandırmaq, sınaqdan keçirməmək və gələcəkdə heç yerdə yerləşdirməmək barədə razılığa gəlmişdilər.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti D.Tramp ölkəsinin fevralın 2-dən etibarən Rusiya ilə ballistik raket müqaviləsindən çıxdığını bəyan edib. o, bu addımı Moskvanın müqavilə şərtlərini pozması ilə izah edib.