ABŞ fevralın 2-dən etibarən Rusiya ilə ballistik raket müqaviləsindən çıxdığını bəyan edib. Vaşinqton bu addımını Moskvanın müqavilə şərtlərini pozması ilə izah edib.
YeniAvropa "CNN"ə istinadla xəbər verir ki, Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Rusiyanı Orta və yaxın mənzilli Nüvə Qüvvələrinə dair 1987-ci il tarixli müqavilənin (1987 Intermediate-Range Nuclear Forces Treaty - INF Treaty) şərtlərini davamlı olaraq pozduğunu bəyan edib.
Xatırladaq ki, hələ ötən ilin oktyabrında prezident Donald Tramp bildirmişdi ki, Vaşinqton bu müqavilədən çıxmaq niyyətindədir. NATO da ABŞ-ın bu mövqeyini dəstəkləyib.
ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı nəzərdə tutan “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müddətsiz müqavilə 1987-ci ildə sovet rəhbəri Qorbaçovla ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir. Ekspertlərin fikrincə, müqavilənin ləğvi dünyada, xüsusən də iki ən böyük nüvə dövləti - ABŞ-la Rusiya arasında silahlanma üzrə yeni yarışa səbəb olacaq və nəticədə qlobal, xüsusən də Avropa ölkələrinin təhlükəsizliyi ciddi təhdid altında qalacaq. Belı ki, Rusiyanın ehtimal olunan hücumlarının qarşısının alınması üçün Vaşinqtonun nüvə başlığı daşıya bilən yer tipli orta mənzilli ballistik raketlərini yerləşdirəcəyi ilk region məhz Avropa olacaq.
Müqavilədən çıxma müddəti sənədin şərtlərinə əsasən altı ay davam edəcək.