logo

Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentə "yox" dedi

13:53 09-10-2024 | icon 2233
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentə "yox" dedi

Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı haqqında” qanunun fəaliyyətinin dayandırılması ilə bağlı ölkə prezidentinin və müxalifətin vəsatətini təmin etməyib.

YeniAvropa xəbər verir ki, bununla bağlı Konstitusiya Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, məhkəmə təqdim olunmuş iddiaları məqbul sayıb və həmin iddiaların mahiyyəti üzrə müzakirələr aparılacaq.

Qeyd olunub ki, bu gün açıqlanan qərardad bir neçə hakimin fərqli fikirləri ilə müşayiət olunub.

Qeyd edək ki, prezident Salome Zurabişvili həmin qanunu təsdiq etməmişdi. Bundan sonra parlamentin sədri qanuna müvafiq olaraq həmin qanunu təsdiqləmişdi.

Ölkə prezidenti, müxalif siyasi partiyalar və qeyri-hökumət təşkilatları “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi və ya fəaliyyətinin dayandırılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi.