Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədləri bəlli olub.
YeniAvropa xəbər verir ki, namizədləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən tədbirdə elan edib. Türkiyə prezidenti partiyasının Ankara bələdiyyəsinin sədri vəzifəsinə Turgut Altınokun namizədliyini irəli sürdüyünü bildirib.Dövlət başçısı 17-si böyük şəhər olmaqla 48 şəhər üzrə partiyasının namizədlərini də açıqlayıb. İzmir bələdiyyəsinin sədri vəzifəsinə Hamza Dağ, Antalya üzrə Hakan Tütüncü, Adana bələdiyyə rəhbəri vəzifəsinə isə Fatih Mehmet Kocaispir namizəd göstərilib.
Ədalət və İnkişaf Partiyası bələdiyyə seçkilərinə “Yenidən İstanbul, yenidən AK Parti” şüarı ilə qatılır. Partiyanın seçki bəyannaməsi yanvarın 30-da açıqlanacaq.
Xatırladaq ki, AKP yanvarın 7-də İstanbul da daxil olmaqla 26 böyük şəhər üzrə namizədlərini açıqlamışdı. Partiya İstanbul bələdiyyəsinin sədri vəzifəsinə sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurumunun namizədliyini irəli sürüb.