logo

ABB səhmdarlarına yüksək məbləğdə dividend ödəməyi hədəfləyir

12:32 11-01-2024 | icon 16030
ABB səhmdarlarına yüksək məbləğdə dividend ödəməyi hədəfləyir

1992-ci il yanvarın 10-da fəaliyyətə başlamış və regionun ən böyük banklarından olan Azərbaycan Beynəlxalq Bankı(ABB) 32 yaşını qeyd edib.

YeniAvropa xəbər verir ki, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov  müştərilərə, o cümlədən bizneslərə göstərdiyi universal maliyyə xidmətləri, eləcə də strateji hədəfləri barədə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik: 

- Abbas müəllim, ABB 2023-cü ili hansı maliyyə nəticələri ilə tamamladı?

- Ötən il ABB-nin yeni, 2023-2025-ci il strateji inkişaf dövrünün ilk ili idi və biz bu strateji ili olduqca uğurlu nəticələrlə başa vurduq. Prudensial hesabatlara əsasən, ABB ötən il 322 milyon manat xalis mənfəət qazanıb. Bu, 2022-ci illə müqayisədə 27 faiz artım deməkdir. 2023-cü ildə ABB-nin cəmi əməliyyat mənfəəti 388 milyon manatdan 484 milyon manata yüksəlib. Vergidən əvvəl xalis mənfəətimiz isə 421 milyon manata çatıb.

- Gəlirlərin artmasına hansı amillər təsir göstərib?

- Ötən il həm korporativ, kiçik və orta biznes müştərilərimizin, həm də riteyl müştərilərimizin sayı böyük həcmdə artıb. Yeni texnologiyaların tətbiqinin, xidmət keyfiyyətinin yüksəlməsinin burada, təbii ki, böyük rolu var. Bazara təqdim etdiyimiz yeni məhsul və loyallıq proqramları sayəsində müştərilərimizin aktivliyi də artıb. Belə ki, aktiv müştərilərimizin sayında il ərzində 25 faiz artım qeydə alınıb. Kredit portfelimiz 2023-cü ilin əvvəli ilə müqayisədə 1.5 milyard AZN, yəni 43 faiz artaraq 5 milyard manatı ötüb. İl ərzində korporativ biznes və kiçik sahibkarlar üzrə kredit portfelimizdə də 900 milyon manata yaxın və ya 53 faiz artım olub.

- Bank ötən ilin nəticələrinə əsasən dövlət büdcəsinə nə qədər vergi ödəyib?

- ABB 2023-ci il ərzində dövlət büdcəsinə ümumilikdə 117 milyon manat vergi ödəyib. Bunun 84 milyon manat hissəsi mənfəət vergisi olub. Bundan başqa, ABB 2022-ci ilin mənfəətindən ötən il səhmdarlarına 156 milyon manat dividend də ödəyib. Bankın səhmlərinin 96,4 faizi dövlətə məxsus olduğundan dividendlərin 151 milyon manatı məhz dövlətə ödənib. Ümumən, son 5 ildə mənfəət vergisi, səhmdarlara ödənilən dividendlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosial yönümlü layihələrə ABB 1.3 milyard manatdan çox ödənişlər edib.

- Bu il səhmdarları hansı məbləğdə dividend gözləyir?

- ABB əsas səhmdarımız olan dövlətə, həminin sayı 1800-ü ötən fiziki şəxs və özəl səhmdarlarımıza son beş ildə davamlı şəkildə yüksək dividendlər ödəməkdədir. Bu il də istisna olmayacaq. Bilirsiniz ki, səhmdarlara dividend qərarı üçün, əvvəlcə konsolidə edilmiş maliyyə hesabatlarımıza kənar audit şirkəti tərəfindən rəy verilməli, daha sonra Səhmdarların Ümumi Yığıncağında dividendlərin ödənilməsi ilə bağlı qərar qəbul olunmalıdır. 2023-cü il ABB-nin sağlamlaşma dövründən sonra ən yüksək əməliyyat mənfəəti qazandığı ildir. Biz ABB menecmenti olaraq bu il, səhmdarlarımıza ödənilən dividendlərin artırılması və minimum 15 faiz gəlirliliyintəmin olunması məqsədilə 185 milyon manat həcmində dividend ödənişi təklif edəcəyik. Beləliklə, ABB bu il səhmdarlarına yüksək məbləğdə dividend ödəməyi hədəfləyir./AZƏRTAC