logo

Azərbaycanda bankların aktivləri 49 milyard manatı ötüb

10:10 09-01-2024 | icon 1134
Azərbaycanda bankların aktivləri 49 milyard manatı ötüb

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda bankların aktivləri 49,2 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 4,5 % çoxdur.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının(ABA) sədri Zakir Nuriyev Azərbaycan Maliyyə Forumunda çıışı zamanı bildirib.

Z.Nuriyev  bildirib ki, hesabat dövründə bankların iqtisadiyyata kredit qoyuluşu 18,3 % artaraq 23,2 milyard manat təşkil edib.

ABA sədri deyib ki, bu ilin əvvəlinə banklarda ötən ilin əvvəlinə nisbətən 2,3 % çox - 34,6 milyard manat depozit, o cümlədən 9,2 % çox - 12,5 milyard manat əmanət olub: "Depozitlərin dollarlaşma əmsalı 36,4 % olsa da, fiziki şəxslərdə bu hədd 33,4 % təşkil edib. Bunlar da illik müqayisədə müvafiq olaraq 10,7 faiz bəndi və 6,4 faiz bəndi azdır".

Z.Nuriyev 2023-cü ildə bankların 2022-ci illə müqayisədə 17 % çox - 1,1 milyard manat mənfəət əldə etdiyini də qeyd edib.

"Hesabat dövründə bank kartlarının sayı 23 % artaraq 16,6 milyon ədəd təşkil edib. Bu artımın böyük hissəsi təmassız kartların hesabına baş verib. Belə ki, son 12 ayda ölkədəki kart sayında artım 3,1 milyon ədəd olub ki, bunun da 95,4 %-i məhz təmassız ödənişlərə imkan verən kartlardır. Ümumilikdə isə ödəniş kartlarının 76 %-dən çoxu təmassız ödənişləri dəstəkləməkdədir. POS terminallarla ödənişlərin isə 91 %-dən çoxu məhz təmassız ödənişlərin payına düşməkdədir", - deyə Zakir Nuriyev qeyd edib.