Adrian Mutu ilə yollarını ayıran “Neftçi”nin yeni baş məşqçisi məlum olub.
Klubdan YeniAvropa-ya verilən məlumata görə, "ağ-qaralar" monteneqrolu mütəxəssis Miodraq Bojoviç ilə müqavilə imzalayıb.
“UEFA Pro” lisenziyalı məşqçi 1968-ci ildə Monteneqronun (YİR) Moykovas şəhərində anadan olub. Futbolçu karyerasını tamamladıqdan sonra Serbiyanın “Boras” klubunda məşqçiliyə başlayıb. 20 illik məşqçilik təcrübəsinə malik mütəxəssis bu illər ərzində Serbiya çempionu, Rusiya kubokunun qalibi və finalçısı olub.
Karyerası ərzində Rusiyada "Dinamo" (Moskva), "Lokomotiv" (Moskva) və Serbiyada "Srvena Zvezda" kimi komandaların baş məşqçisi olub. M.Bojoviçin “Neftçi”dən öncəki son iş yeri isə Rusiyanın "Arsenal" (Tula) klubudur.
Mütəxəssis "Neftçi" ilə 2024-cü ilin yanvar ayında Türkiyənin Antalya şəhərində baş tutacaq təlim-məşq toplanışına qatılacaq.