logo

“Yeni klinika”da ambulator klinika istifadəyə verilib

11:33 06-12-2023 | icon 3507
“Yeni klinika”da ambulator klinika istifadəyə verilib

“Yeni klinika”da ambulator klinika(bir günlük cərrahiyyə) sisteminin tətbiqinə başlanılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, bu yenilik çərçivəsində xəstələrin əməliyyata qəbul olunduğu gün evə buraxılması nəzərdə tutulur.

Son illər cərrahiyyədə stasionar yatış xidmətlərindən bir günlük cərrahiyyə (əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid baş verir. Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır.

Belə ki, laparoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması və digər yeniliklər sayəsində pasiyentə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olub.

Cərrahi texnologiyanın, anesteziya və analgeziya üsullarının inkişafı, tibbi sığorta sistemindəki yeniliklər, səhiyyə xidməti alan insanların prioritetlərindəki dəyişikliklər (iş mühitinə erkən qayıtma istəyi) ambulator cərrahiyyənin həkimlər, tibb bacıları ilə yanaşı, cəmiyyət tərəfindən də qəbul edilməsinə gətirib çıxarıb.