Gələn ay "Kapital Bank"ın baş sponsorluğu ilə Respublika fənn olimpiadaları(RFO) təşkil ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, RFO-nun rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16-da (8-9-cu siniflər) və 17-də (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.
Respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.
Buraxılış vərəqələrinin “Şəxsi kabinet” vasitəsilə əldə olunması ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar +994 50 791 46 31 nömrəsinə vatsap üzərindən problemin ətraflı təsvirini yazaraq müraciət etmək mümkündür.
Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.