logo

Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

17:57 28-11-2023 | icon 1008
Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

Noyabrın 28-də Bakıda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyası arasında Qarşılıqlı Anlaşma Memorandumu, həmçinin Özbəkistan Respublikasının Ali Məclisi yanında Qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək üzrə İctimai Fondun vəsaitlərinin idarə edilməsi üzrə parlament komissiyası ilə Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

YeniAvropa xəbər verir ki, sənədləri Azərbaycan tərəfdən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Özbəkistan tərəfdən isə bu ölkənin Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev imzalayıb.

Memorandumların imzalanmasında məqsəd iki ölkənin qeyri-hökumət və qeyri-kommersiya təşkilatları arasında vətəndaş cəmiyyətinin inkişafı sahəsində birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, qeyri-hökumət təşkilatları arasında təmaslara yönəlmiş tərəfdaşlıq əlaqələrinin qurulması, həmçinin iştirakçılar arasında uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir.

Sənəd imzalandıqdan sonra tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Anlaşma memorandumu Özbəkistanın QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanıb. Noyabrın 27-də Füzuli şəhərində ilk dəfə olaraq Azərbaycan və Özbəkistan QHT-lərinin əməkdaşlıq forumu keçirilib.