Bu gün Gürcüstan-Rusiya sərhəd keçid məntəqəsində iki minə yaxın avtomobil növbəsi yaranıb. Yolun bağlanmasına Gürcüstan ərazisində yağan güclü qar, Yuxarı Lars magistralında yolun buz bağlaması səbəb olub.
YeniAvropa xəbər verir ki, noyabrın 19-da günün birinci yarısında əlverişsiz hava şəraiti səbəbindən iri həcmli yük maşınları, günün sonundan isə bütün növ avtomobillər üçün yol tam bağlanıb.
Məlumata görə, Gürcüstan tərəfində 700-ü Ermənistana, 200-ə yaxını isə digər qonşu dövlətlərə məxsus avtomobil dayanıb. Rusiya tərəfində də təxminən eyni sayda avtomobilin dayandığı bildirilir. Gürcüstanın digər istiqamətlərə gedən yollarında, xüsusən də dağlıq ərazilərdəki magistrallarda da oxşar vəziyyət yaranıb.
Sinoptiklər hava şəraitinin daha da pisləşəcəyi barədə əhaliyə xəbərdarlıq ediblər. Bildirilir ki, noyabrın 22-dək Gürcüstan ərazisində güclü qar yağacaq, Qara dəniz akvatoriyasında 5 ballıq qasırğa olacaq.