logo

Finlandiya Rusiya ilə sərhədi tam bağlayır

16:32 20-11-2023 | icon 2709
Finlandiya Rusiya ilə sərhədi tam bağlayır

Finlandiyanın hakimiyyət orqanları noyabrın 22-nə keçən gecə Rusiya ilə sərhədi tam bağlamağa hazırlaşır.

YeniAvropa xəbər verir ki, bu barədə “Iltalehti” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, baş nazir Petteri Orpo hökuməti Rusiya sərhədində fəaliyyət göstərən bütün nəzarət-buraxılış məntəqələrinin bağlanması barədə qərar qəbul edə bilər.

Finlandiya Silahlı Qüvvələrinin hərbçiləri noyabrın 19-da müvəqqəti sədd quraşdıran sərhədçilərə yardım üçün cəlb olunub.

Noyabrın 17-dən 18-nə keçən gecə Finlandiya şərq sərhədindəki dörd nəzarət-buraxılış məntəqəsini bağlayıb. Petteri Orponun sözlərinə görə, hakimiyyət orqanları bu yolla son zamanlar üçüncü ölkələrdən mühacir axınının qarşısını almağa çalışır. Finlandiyanın daxili işlər naziri Mari Rantanen qərarın 2024-cü il fevralın 18-dək qüvvədə qalacağını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə öz növbəsində Helsinkinin qərarının Avropada yeni ayrılma xətti yaratdığını və Moskvanın qurumlararası formatda cavab tədbirləri görəcəyini deyib.