logo

Azərbaycanın "İnterpol"la axtardığı 3 nəfər Rusiyadan ekstradisiya edilib

17:47 18-09-2023 | icon 2317
Azərbaycanın "İnterpol"la axtardığı 3 nəfər Rusiyadan ekstradisiya edilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə əsasən Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunaraq Azərbaycan Respublikasının vətəndaşları Gülnarə Xəlilova, Cavanşir Rüstəmzadə və Vüsal Quliyev ölkəmizə ekstradisiya edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmədə təqsirləndirilən Gülnarə Xəlilovanın və informasiya texnologiyalarından istifadə etməklə oğurluqda təqsirləndirilən Cavanşir Rüstəmzadənin istintaqdan qaçıb gizləndiklərinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluqda təsirləndirilən Vüsal Quliyev isə məhkəmə istintaqından yayındığına görə barələrində beynəlxalq axtarışa elan olunub.

Həmin şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq bu il sentyabrın 14-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Bundan başqa, qeyd olunan tarixdə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən və həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən Rusiya vətəndaşı Nazim Süleymanov cari ilin iyunun 12-də ölkəmizdə müəyyən edilib.

Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsi barədə Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edildiyindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.