logo

V ixtisas qrupu üzrə müsabiqə şərtləri açıqlanıb

16:16 28-08-2023 | icon 5089
V ixtisas qrupu üzrə müsabiqə şərtləri açıqlanıb

Bu il V qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) qəbul imtahanının birinci mərhələsində (cari ilin abituriyentləri üçün buraxılış imtahanında) ümumi balı 60-dan (xoreoqrafiya sənəti ixtisası üzrə 30 baldan) az olmayan abituriyentlər buraxılırlar.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən abituriyentlər seçə bilərlər. V ixtisas qrupu üzrə müsabiqə qəbul imtahanının birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər qəbul imtahanının ikinci mərhələsi üzrə imtahan vermirlər və müsabiqədə cari ilin buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

− abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;

− təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

− riyaziyyat fənni üzrə imtahan balı;

− Azərbaycan dili və ya rus dili fənni üzrə üzrə imtahan balı.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

− təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, Coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

− riyaziyyat fənni üzrə imtahan balı;

− Azərbaycan dili və ya rus dili fənni üzrə imtahan balı.

Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək. V qrup üzrə ixtisas seçimi müsabiqəsində 4004 plan yeri nəzərdə tutulur.