UEFA Konfrans Liqası: “Beşiktaş” “Neftçi” ilə cavab oyununa ciddi itki ilə çıxacaq
“Beşiktaş” klubu Türkiyədə “Neftçi”yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununa ciddi itki ilə çıxacaq.
YeniAvropa “haberturk.com” saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı futbolçularından Raşid Gezzal flaqmanla matçı buraxacaq.
Zədəsini sağaldan əlcəzairli yarımmüdafiəçi fərdi məşqlərə başlasa da, hələlik kollektiv hazırlıqda iştirak etmir.
Əvəzində isə “qara qartallar”ın əsas hücumçusu Cenk Tosun sıraya dönüb. 32 yaşlı forvard, baş məşqçi Şenol Güneş şans verəcəyi təqdirdə, meydana çıxa biləcək.
Həmçinin cəza müddəti başa çatan Artur Masuakunun da “Neftçi” ilə görüşdə oynayacağı gözlənilir.
Qeyd edək ki, avqustun 17-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Bakıda ilk matçda “Beşiktaş” 3:1 hesablı qələbə qazanıb.