"Su-25" döyüş təyyarələrimizə Türkiyədə "ağıllı" bomba və raketlər quraşdırılacaq
İyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının “TUSAŞ” şirkəti arasında “Su-25" təyyarələrinin modernləşdirmə layihəsi barədə müqavilənin imzalanma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmilər iştirak ediblər.
Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqətdə saxladığı layihədə qardaş ölkənin müdafiə sənayesinin daxili, eləcə də milli imkan və vasitələrindən maksimum istifadə edilməsi nəzərdə tutulub.