logo

Azərbaycan və Özbəkistanın baş nazirlərinin görüşü olub

14:34 19-07-2023 | icon 1435
Azərbaycan və Özbəkistanın baş nazirlərinin görüşü olub

İyulun 19-da Azərbaycanın baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistanın baş naziri Abdulla Aripov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlcə hökumət başçılarının keçirdikləri təkbətək danışıqlarda ikitərəfli gündəliyə daxil olan aktual məsələlər müzakirə edilib.

Sonra baş nazirlərin görüşü iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Görüş zamanı məmnunluq hissi ilə vurğulanıb ki, bu gün Azərbaycan-Özbəkistan əlaqələri hərtərəfli inkişaf edən strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Tərəflər bildiriblər ki, Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər.

Ə.Əsədov Özbəkistana cari ildə Türk Dövlətləri Təşkilatında bu ölkənin sədrliyi dövründə uğurlar diləyib.

Qeyd olunub ki, dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər və daimi təmaslar ikitərəfli əlaqələrin möhkəmlənməsində əsas rol oynayır. Bu kontekstdə ötən il çox məhsuldar olub. Azərbaycan prezidenti üç dəfə Özbəkistana səfər edib.

Həmçinin prezident Şavkat Mirziyoyevin cari ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub.

Hazırda hökumətlərin xətti ilə Özbəkistan prezidentinin Azərbaycana dövlət səfərinə hazırlıq işləri tam sürətlə davam edir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı üzrə aparılan irimiqyaslı işlər haqqında ətraflı məlumat verilib. Bu kontekstdə Özbəkistan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində 960 şagird yerlik məktəbin tikintisi üzrə təşəbbüsünə görə minnətdarlıq ifadə olunub.

Tərəflər Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığa dair Birgə Hökumətlərarası komissiyanın iyulun 18-də Şuşada keçirilən iclasının əhəmiyyətini qeyd ediblər. Onlar ümidvar olduqlarını bildiriblər ki, iclasın yekunlarına dair əldə olunan qərarlar Azərbaycan-Özbəkistan qarşılılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinə kömək edəcək.

Hökumət başçıları, həmçinin iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığı yüksək qiymətləndirib, 2022-ci ilin yekunlarına dair təxminən 64 faiz artan əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasından məmnunluq ifadə ediblər.

Tərəflər investisiya qarşılıqlı fəaliyyətinin yaxşı dinamikasını vurğulayıb və dünən Şuşada Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması ilə bağlı təsis sənədlərinin imzalanmasının əhəmiyyətini qeyd ediblər. Birgə İnvestisiya Fondunun yaradılması investisiya əməkdaşlığının möhkəmlənməsi üçün əlavə stimul kimi qiymətləndirilib.

Özbəkistan tərəfinə Azərbaycanda olan əlverişli investisiya mühiti barədə məlumat verilib.

Hökumət başçıları nəqliyyat-tranzit sahəsində əməkdaşlığın perspektivlərini müsbət qiymətləndiriblər. Ötən il iki ölkə arasında yükdaşımaların ümumi həcmi 65 faizdən də çox artıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) əhəmiyyəti xüsusi qeyd olunub.

Tərəflər, həmçinin sənaye kooperasiyasını, pambıqçılıq və ipəkçilik sahələrində əməkdaşlığın inkişafının müsbət olduğunu qeyd ediblər.

Energetika sahəsində fəal qarşılıqlı fəaliyyətin olduğu vurğulanıb. Ötən il Azərbaycan və Özbəkistan arasında energetika sektorunda əməkdaşlığa dair yol xəritəsi imzalanıb.

Baş nazirlər, həmçinin bərpa olunan enerji mənbələri sahəsində yaxşı imkanlar yarandığını bildirib, habelə kənd təsərrüfatı, mədəni-humanitar, təhsil, səhiyyə və digər sahələrdə məhsuldar əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

Sonra Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov çıxış ediblər.