logo

Sinoptiklərdən güclü külək, leysan,şimşək,dolu və sulu qar xəbərdarlığı

17:49 14-07-2023 | icon 2590
Sinoptiklərdən güclü külək, leysan,şimşək,dolu və sulu qar xəbərdarlığı

Ölkə ərazisində hava şəraiti dəyişəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Bildirib ki,  iyulun 16-dan 17-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 metr/saniyə, arabir 20-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

İyulun 16-sı əsasən səhər və axşam, iyulun 17-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, iyulun 17-də gündüz 22-27° isti olacaq.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayım hava şəraitindən sonra iyulun 16-sı qərb rayonlarından başlayaraq iyulun 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.